28.11.2018
Qobustan rayon Mədəniyyət Mərkəzində Mərkəzi Kitabxananın təşkilatçılığı ilə şairə İzzət Şükürovanın “Elm və təhsil” nəşriyyatında dərc olunmuş “Kövrək duyğular” adlı yeni kitabının təqdimatı keçirilib. Tədbiri giriş sözü ilə açan Təklə Uşaq Musiqi məktəbinin direktoru Gülağa Cəbrayılov müəllifin yaradıcılığı haqqında geniş məlumat verərək, onun şeirin bütün janrlarında qələmini sınadığını bildirib. Nabur kənd orta məktəbinin direktoru Zeynal Niyazov şairin yaradıcılığından, yeni kitabın məziyyətlərindən söhbət açıb. Bildirib ki, kitabda şairin son illər əruz vəznində yazdığı şeirlər toplanıb. Bu şeirlərin hər birində şairin vətəndaşlıq mövqeyi, doğma yurda tükənməz sevgisi boy verməkdədir. Bütün bunlar deməyə əsas verir ki, yeni kitab müəllifinə böyük və tükənməz sevgi qazandıracaq. Tədbirdə çıxış edən Eyyublu Musa, Babaxan Alxanlı, Yusif Nazim Ərəbsoy, Güləhməd Qəhrəmanov , Şükür Şükürlü, Adilə Cəbrayılova və başqaları Vətən ağrısı, Qarabağ dərdi, eyni zamanda qələbəyə inam hissinin və cəmiyyətdəki qurub-yaradan insanların əməyinin kitabda tərənnüm olunduğunu söyləyiblər. MİHİ-nin sədri Leyla Sarıyeva səbəbkarı bu münasibətlə təbrik edərək, ona fəxri fərman və hədiyyə təqdim etdi. Tədbirdə A.O.Çernyayevski adına orta məktəbin şagirdlərinin ifasında şairənin şeirləri səsləndirilib. Tədbir Qobustan rayon Rəşid Behbudov adına Uşaq İncəsənət məktəbinin kollektivinin ifasında konsert proqramı ilə yekunlaşıb. Nicat Cəbrayılovun, Fikrət Əsədovun, Tünzalə Əsədovanın ifasında səslənən musiqi nömrələri tamaşaçıların marağına səbəb olub. Sonda müəllif tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib, yeni şeirlərini oxuyub, imzası ilə kitablarını oxuculara təqdim edib