27.09.2018
Sentyabrın 27-də Nəsimi – şeir, incəsənət və mənəviyyat festivalı çərçivəsində Şamaxı Tarix-Diyarşünaslıq Muzeyinin yeni ekspozisiyasının açılış mərasimi keçirilib.
Açılış mərasimində Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev və mədəniyyət naziri Əbülfəs Qarayev çıxış ediblər.
Bildirilib ki, dünya muzey standartları əsasında hazırlanan bu informativ ekspozisiya tarixi ardıcıllıqla, o cümlədən elektron vasitələrdən istifadə edilməklə, Azərbaycan və ingilis dillərində təqdim olunur. Hazırda muzeyin yeddi mindən çox eksponatı var və ekspozisiyada Şamaxının ən qədim dövrlərdən başlayaraq son zamana qədər olan tarixi, arxeoloji tapıntı nümunələri və maddi-mədəniyyət abidələri, eləcə də etnoqrafik, epiqrafik və numizmatika nümunələri nümayiş edilir. Heydər Əliyev Fondunun Şamaxını təsvir edən XVII əsrə aid üç ədəd qravüra hədiyyə etməsi muzey üçün əlamətdar hadisədir. Onlar Avropa ölkələrindən əldə edilərək Azərbaycana gətirilib. Qravüralar məşhur alman səyyah və coğrafiyaçı Adam Oleariyə (1603-1671), niderlandlı səyyah Yan Jansen Streysə (1630-1694) və niderlandlı kitab naşiri Olfert Dapperə məxsusdur.
Sonra ekspozisiya ilə tanışlıq olub.