13.06.2018
İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət Qəbələ rayon Heydər Əliyev Mərkəzində “15 İyun Milli Qurtuluş Günü” münasibəti ilə tədbir keçirilib. Mərkəzin direktoru Zərxanım Ağayeva çıxış edərək tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib. Qeyd edib ki, 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bu gün də Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır.
Tədbirdə çıxış edən Qəbələ rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşı Seyidova İlhamə bildirdi ki, müstəqil Azərbaycanımızda yaşanan 15 iyun - Milli Qurtuluş günü xalqımızın çətinliklərdən qurtulub, güclü bir dövlət bünövrəsinin qoyulduğu gündür. Müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Ümummilli liderimiz Heydər Əliyev yaradıb. Tarixin amansız və sərt sınaqları dövründə dünyanın ayrı-ayrı ölkələrinə səpələnərək yaşamaq məcburiyyətində qalmış azərbaycanlıların birlik və həmrəyliyinin əldə edilməsi işində Ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri vardır. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaqlar.
Sonda Ümummilli Liderimiz Heydər Əliyevə həsr olunmuş sənədli film nümayiş olunub.