24.05.2018
İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Qəbələ rayon Tarix-diyarşünaslıq muzeyinin kollektivi Heydər Əliyev mərkəzində ″Azərbaycan Xalq Cümhuriyyəti-100″ tədbirlər silsiləsindən yeni dəyirmi masa təşkil etmişdir. İlk olaraq muzeyin kiçik elmi işçisi İlhamə Seyidova 1918-1920-ci illərin şanlı Vətən tarixindən geniş mövzuda danışdı. Qəbələ rayon Tarix-Diyarşünaslıq muzeyinin ekspozisiyasında nümayiş olunan, fondunda mühafizə edilən Azərbaycan Xalq Cümhuriyyəti tarixinin nümunələri olan pullar, çörək almaq üçün vəsiqə, həmin dövrü əks etdirən tarixi kitablar və s. haqqında da ətraflı məlumat verdi.
Sonra muzeyin əməkdaşı Tahirə Şəfiyeva da Azərbaycan Xalq Cümhuriyyəti qurucularının həyat və fəaliyyəti haqqında geniş mövzuda çıxış etdi. Azərbaycan Xalq Cümhuriyyəti qurucularından olan həmyerlimiz Şəfi bəy Rüstəmlinin bu yolda əzm və fədakarlığından tarixi məlumat verdi. Bu əfələrdə Respublikamizda Azərbaycan Xalq Cümhuriyyəti tarixinin 100 illiyi ilə bağlı rəsmi tədbirlər, müxtəlif bayram şənlikləri, sərgilər və s.vüsət almışdır. Bu əlamətdar tarixi günün gözəlliyi ilboyunca davam edəcək və hər bir azərbaycanlı bu şanlı tarixin 100 illik yubileyi nin ən möhtəşəm, yaddaqalan olduğunu 2018-ci ilin 28 may gününü də yeni bir qürur səhifəsi kimi qəlblərində yaşadacaqlar.