17.05.2018
İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağsu rayon mərkəzi kitabxanasının oxu zalında Xalq yazıçısı, filologiya elmləri doktoru, professor, Əməkdar incəsənət və dövlət xadimi Elçin Əfəndiyevin anadan olmasının 75 illiyi ilə əlaqədar “Xalqın yazıçısı Elçin” adlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan Xidmət şöbəsinin müdiri Nazənəm Salmanova bildirdi ki, çağdaş milli nəsrimizin və dramaturgiyamızın banilərindən biri, şöhrətli yazıçı İlyas Əfəndiyevin ailəsində dünyaya göz açan Elçinin əsərləri - hekayə, povest, roman, publisistika, ədəbi qeydlər və hətta fundamental elmi məqalələri, tədqiqatları işıq üzü gördüyü vaxtdan dərhal sonra, öncə öz vətənində, eyni zamanda digər yaxın və uzaq ölkələrdə sürətlə yayılmış, sevilə-sevilə oxunmuş, daxili bir təlabatla neçə-neçə oxucu nəsil arasında əldən-ələ, zövqdən-zövqə ötürülərək davamlı bədii dəyərə malik olduğunu təsdiqləmişdir.
Sonra şəhər 1saylı tam orta məktəbin müəllimi Surə Sadıqova Elçinin həyat və yaradıcılığından söhbət açaraq qeyd etdi ki, 1970-ci ildə “Azərbaycan bədii nəsri ədəbi tənqiddə” mövzusunda namizədlik, 1990-cu ildə “Ədəbiyyat tarix və müasirlik problemi” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir. O, “Tənqid və nəsr”, “Üzeyir Hacıbəyovun publisistikası”, “Klassik aşıq poeziyasında”, “Dünya” obrazı”, “Ədəbiyyatda tarix və müasirlik problemi” və s. kimi elmi monoqrafiyaların və müxtəlif mövzularda 500-dən çox məqalənin müəllifidir. Tədbirdə şəhər 1 saylı tam orta məktəbin yuxarı sinif şagirdləri Elçin Əfəndiyevin oxuduqları əsərlər haqqında fikirlərini bildirdilər.
Sonda “Elçin Əfəndiyev-75” adlı sərgiyə baxış keçirildi.