10.05.2018
Mayın 10-da Şamaxıda müasir müstəqil Azərbaycanın memarı və qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə tədbir keçirilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ziyalılar və şəhər ictimaiyyətinin nümayəndələri rayonun mərkəzi meydanına gələrək Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə tər gül-çiçək dəstələri düzmüşlər.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev çıxış edərək bildirmişdir ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi ölkəmizin hər bir bölgəsində təntənəli şəkildə qeyd edilir. Bu gün biz böyük fəxrlə deyə bilərik ki, dünya dövlətləri sırasında nüfuz sahibi olan müstəqil Azərbaycanımızın inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Zaman göstərdi ki, Ulu Öndərimizin bütün addımları gələcəyə hesablanmış, bu günkü azərbaycan xalqının firavan yaşaması üçün atılmışdır. Natiq öz çıxışında qeyd etmişdir ki, Ümummilli lider Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıdışı müstəqil dövlətçiliyimizi parçalanmaq və məhv olmaq təhlükəsindən, iqtisadi tənəzzüldən, beynəlxalq təcriddən xilas etmiş, Heydər Əliyev siyasətinin bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini diqqətə çatdırmışdır. İsmayıllı Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Rəfail Tağızadə çıxış edərək qeyd etmişdir ki, tarixdə elə nadir şəxsiyyətlər olub ki, onun həyatı və fəaliyyəti dövlətin, millətin, xalqın taleyində müstəsna rol oynamışdır. Belə nadir şəxsiyyətlərdən birincisi Ümümmilli Liderimiz Heydər Əliyevdir. Xöşbəxt o xalqdır ki, o xalqın Ümummulli lideri var, biz xöşbəxt xalqıq ki, bizim Heydər Əliyev kimi Ümummilli Liderimiz var.
Rəsmi hissədən sonra bayram konserti ilə davam edən tədbirdə İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin, Şamaxı rayon Mədəniyyət Mərkəzinin bədii-kollektivləri və Ağsu rayonundan dəvət olunmuş müğənnilərin, tanınmış incəsənət ustalarının ifasında Ulu öndər Heydər Əliyevə, onun şah əsəri olan müasir, müstəqil Azərbaycana həsr olunmuş mahnılar səsləndirilmiş, rayon Mərkəzi Kitabxanası, İncəsənət Təhsili Mərkəzi və Dövlət Rəsm Qalereyası tərəfindən kitab və rəsm sərgisi təqdim olunmuşdur.