18.04.2018
İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Qəbələ Rayon Tarix-Diyarşünaslıq muzeyi hər zaman tarixi və əlamətdar günləri qeyd etməkdədir. Bu gün də “18 Aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” silsilə şəkildə muzeyimizdə keçirilmişdir. Bununla əlaqədar olaraq dəyirmi masalar, sərgilər, ekskursiyalar, muzeyin həyətində “Açıq səma“ altında sərgilənən daş abidələrə baxış keçirilmişdir. Kütləvi ekskursiyalar təşkil edilmiş, ekpozisiyalarda bu əlamətdar günün tarixi haqqında söhbətlər, mühazirələr aparılmışdır. Bildiyimiz kimi Azərabaycanın bir parçası olan Qəbələ də tarixi abidələrlə zəngin bir bölgədir. Ümumilikdə Qəbələdə 90-dan çox tarixi abidə mühafizə edilir. Tariximizin daş yaddaşı, canlı şahidi olan bu abidələrimiz ulu keçmişimizdən, xalqımızın minilliklər boyunca bu ərazilərdə məskən salmasından, dədə-babalarımızın belə zəngin torpaqların övladları olmasından xəbər verir. Tarixi abidələrimizi mühafizə və təbliğ etməliyik, çünki bu bizim gələcəyimizin təminatıdır.
Qəbələ Rayon Tarix-Diyarşünaslıq muzeyi 18 aprel tarixində “Açıq qapı günü”elan etmişdir. Bununla əlaqədar olaraq məktəblilərin muzeyə ekskursiyaları təşkil olunmuş, hər bir tamaşaçıya ekspozisyalarda “Muzeylərin bu günümüzdə əhəmiyyətli rolu” mövzusunda mühazirələr söylənilmiş, tamaşaçılara muzeyin bələdçi kitabları, bukletlər, açıqcalar hədiyyə olunmuş, tarixi və digər mövzuları əhatə edən kitabların qiraət saatları təşkil edilmişdir. Xüsusi əhəmiyyət kəsb edən unukal mənbələr, eksponatlar haqqında ətraflı diskusiyalar aparılmışdır.