27.03.2018
Ağsu rayon Çiyni kəndində azərbaycanlıların soyqırımının 100 illiyi ilə əlaqədar tədbir keçirilmişdir. İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Çiyni kənd klubunun və kitabxana filialının birgə təşkil etdiyi tədbirdə kənd orta məktəbinin şagirdləri də fəal iştirak etmişlər. “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 Yanvar 2018-ci il tarixlin Sərəncamı haqqında məlumat verən kənd orta məktəbin tarix müəllimi Leyla Həsənova bildirmişdir ki, erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 100 il bundan əvvəl - 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə yeksan edilmişdir. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirmiş, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirmişlər və bu soyqırım bizim rayondan da kənar keçməmişdir. Ermənilər rayonun Kalva, Bico, Gəgəli, Qəşəd, Ləngəbiz və sairə kəndlərində dinc əhaliyə divan tutmuş, misli görünməmiş vəhşiliklər törətmişlər.
Sonra məktəb şagirdləri soyqırım haqqında şerlər, əsərlərdən parçalar söyləmişlər.
Sonda tədbir iştirakçıları bu mövzuda təşkil olunmuş sərgi ilə tanış olmuşlar.