04.04.2018
İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Mədəniyyət Mərkəzində İsmayıllı rayon Maçaxı kəndinin yetirməsi, Aprel döyüşlərində şəhidlik zirvəsinə ucalmış Mikayıl Yaqub oğlu Vahabzadənin əziz xatirəsinə həsr olunmuş “Şəhidliyə aparan sevgi” adlı kitabının təqdimat mərasimi təşkil olundu. Tədbir zamanı öncə şəhidin həyatına, təhsil illəri və hərbi xidmətinə həsr olunmuş sərgiyə baxış keçirilidi. Şəhidə həsr olunmuş qısa film nümayiş etdirildikdən sonra tədbiri giriş nitqi ilə kitabın müəllifi Lətifə Əliyeva açdı. Mikayılın və torpaqlarımız uğrunda şəhid olan soydaşlarımızın ruhu bir dəqiqəlik sükutla yad edilib.
RİH rəhbərliyinin, rayon ictimaiyyəti nümayəndələrinin, şəhidin valideynlərinin, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin, Mikayılın qohumları, dostları və tələbə yoldaşlarının iştirak etdiyi təqdimat mərasimi zamanı İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, Millət vəkili Novruzəli Aslanov, Kitabın redaktoru Şahməmməd Soltanov, Hərbi Xidmətə Çağırış və Səfərbərlik Xidməti rayon şöbəsinin rəisi Xamis Bədəlov, ön sözün müəllifi Valeh Salehov, Tircan kənd tam orta məktəbində Mikayıl Vahabzadəyə tarix dərsi demiş Gülyanaq Əliyeva, əməkdar jurnalist İldırım Dəmirli, Mikayılın bibisi Afət Vahabova çıxış edib.
Çıxışlar zamanı Aprel döyüşlərində şəhid olan Mikayıl və onun kimi qəhramancasına vətən torpağı uğrunda canından keçən digər oğullarımız haqqında ürək ağrısıyla eyni zamanda qürurla çıxış edənlər “Şəhidliyə aparan sevgi” kitabının şəhidin ruhuna dərin hörmət və ehtiramın təzahürü olduğunu deyiblər, və bu işdə əziyyəti keçən hər kəsə təşəkkürlərinin bildiriblər.
Daha sonra vətənpərvərlik mövzusunda şeirlər, mahnılar, şəhidlərə həsr olunmuş bəstələr səslənib.