02.04.2018
İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsi nin tabeliyində fəaliyyət göstərən İsmayıllı rayon MKS-nin Uşaq şöbəsinin oxu zalında Aprel döyüşlərinin ikinci ildönümü və Kəlbəcərin işğalı ilə əlaqədar olaraq anım tədbiri keçirildi. Tədbir Azərbaycan torpaqlarının müdafiəsi zamanı şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıldı.
Tədbiri giriş sözü ilə açan İsmayıllı MKS-nin direktoru Könül Baxışova ilk öncə çıxış edərək 1993-cü ildə Kəlbəcərin işğalı zamanı ermənilərin dinc sakinlərə qarşı törətdikləri qanlı cinayətlərdən, qadın və uşaqların girov götürülərək amansızcasına qətlə yetirilmələrindən danışdı. O öz çıxışında qeyd etdi ki, Kəlbəcərin erməni silahlı qüvvələri tərəfindən zəbt edilməsi nəticəsində 128 kənd, 1 qəsəbə, 140 müəssisə, 90 məktəbəqədər uşaq müəssisəsi, 115 ümumtəhsil məktəbi, 1 texniki peşə məktəbi, 107 xəstəxana və tibb müəssisəsi, 214 mədəniyyət ocağı dağıdılaraq məhv edilib. Könül xanım çıxışının davamında aprel döyüşləri zamanı Azərbaycan Ordusunun cəsarətindən, qəhrəmanlığından danışaraq bildirdi ki, 2016-cı ilin Aprel döyüşləri zamanı Milli Ordumuzun hərbçiləri şəhidlik zirvəsinə yüksələrək öz canları və qanları hesabına hər birimizə çoxdan gözlədiyimiz qələbənin yollarını göstərdilər. O, torpaq uğrunda həyatını qurban verən əsgərlərimizin ən ali məqama şəhidlik zirvəsinə ucaldıqlarını bildirdi. Azərbaycan dövləti bir daha bütün dünyaya nümayiş etdirdi ki, işğalla heç zaman barışmayacaq və Azərbaycan Ordusu lazım olan əməliyyatı uğurla həyata keçirməyə qadirdir. Çünki Azərbaycan Ordusu bu gün qüdrətli, lazımi müasir silah və texnika ilə tam təmin olunmuş ordudur.
MKS-nin multimediya mütəxəsisi Aytəkin xanım çıxış edərək 2016-cı ilin aprel ayının 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş dördgünlük müharibə zamanı Füzuli rayonu istiqamətində yerləşən "Lələ təpə” adlandırılan yüksəkliyin azad edilməsindən danışaraq qeyd etdi ki, Azərbaycan bayrağının Lələ təpədə dalğalandırılmasından və bu döyüşlərdə qəhrəmancasına şəhid olan əsgər və zabitlərimiz üçün doğma Vətən torpaqlarının hər bir qarışının nə qədər əziz olduğunu öz canları və qanları hesabına bir daha sübut etdilər.
Tədbirin sonunda "Şəhidlər ölməz vətən bölünməz" başlığında təşkil edilmiş kitab sərgisinə baxış keçirildi.