20.03.2018
Xalqımızın oyanış, dirçəliş, xeyirxahlıq, əməksevərlik kimi gözəl hisslərini tərənnüm edən və ruzi-bərəkət rəmzi olan bahar ətirli Novruz bayramı Qəbələdə geniş qeyd olunmuşdur.
Şəhərin Heydər Əliyev Parkında təntənəli təşkil olunmuş izdihamlı tədbirdə Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, icra hakimiyyəti aparatının əməkdaşları, idarə, müəssisə və təşkilatlarının kollektivləri, rayon ictimaiyyətinin nümayəndələri ilə yanaşı İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Qəbələ rayon Mədəniyyət Mərkəzi və mərkəzin filiallarında fəaliyyət göstərən folklor kollektivləri də iştirak etmişlər.
Tədbir iştirakçıları parkda təşkil olunmuş yerli inşaat materialları, sənaye məhsulları, xalçaçılıq və toxuculuq məmulatları, tətbiqi və təsviri incəsənət nümunələrindən ibarət sərgilərə baxmış, Qəbələdə yaşayan xalq sənətkarlarının böyük ustalıqla hazırladıqları əl işləri ilə tanış olmuşlar.Təbiətin oyanışını bildirən səməni və digər Novruz atributları ilə əsl bayramsayağı bəzədilən parkda bayram xonçaları və müxtəlif çeşidli milli şirnilər maraqla qarşılanmışdır. Corab toxuyan, yun darayan, cəhrə əyirən, nehrə çalxalayan, sac üzərində yuxa bişirən milli geyimli xanımlar qədim el sənətini bir daha yada salmışlar.
Teatrlaşdırılmış meydan tədbirində ənənəyə uyğun olaraq tonqal qalanmış, xalqımızın adət-ənənələri, ayin və mərasimləri Novruz personajları tərəfindən canlandırılmışdır. İncəsənət ustaları, bədii kollektivlər milli adət-ənənələrimizi, qədim folklor nümunələrimizi böyük ustalıqla nümayiş etdirmişlər. İştirakçılar oynaq rəqslər ifa etmiş, idmançılar meydan mübarizəsinə çıxmışlar.
Novruz şənliyi kütləvi çal-çağırla sona çatmış və qəbələlilərə əsl bayram əhval-ruhiyyəsi bəxş etmişdir