21.09.2020
21 sentyabr Beynəlxalq Sülh günüdür. BMT bu günü 1981-ci ildə təsis edib. İlk sülh günü 1981-ci ilin sentyabrında qeyd olunub. O vaxtdan Beynəlxalq Sülh günü sentyabr ayının hər 3-cü çərşənbə axşamı qeyd edilirdi. Lakin 2001-ci ildə Birləşmiş Kralıq tərəfindən təklif olunan qətnamə ilə 2002-ci ildə BMT Sülh günü üçün 21 sentyabr tarixini dəqiq tarix kimi müəyyənləşdirib və bu tarixi ümumdünya atəşkəs günü elan edib. Sülhün qorunması, insanların əmin-amanlıqda yaşaması, amansız müharibələrin, hər çür zorakılığın dayandırılması arzusu bütün tarix boyu bəşəriyyəti düşündürüb. Amma təəssüf ki, tarix boyu, bəlkə də, elə ən çox pozulan bu arzu, bu istək olub.
Əbədi mövzu olan Sülh mövzusu bu gün torpaqlarının 20 faizi işğal altında olan, bir milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycan üçün də xüsusi əhəmiyyət kəsb edir. Təəssüf ki, ən sülhsevər xalqlardan biri olan, dünyanın ən tolerant ölkəsinin vətəndaşları Ermənistanın ölkəmizə təcavüzü nəticəsində öz vətənlərində didərginə dönüblər, uzun illər ərzində qurduqları ev-eşiklərindən, topladıqları sərvətlərindən məhrum olublar. Bu illərdə Azərbaycan həmişə münaqişənin sülh yolu ilə aradan qaldırılması istiqamətində mühüm addımlar atıb. Görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdandan sonra hər şeydən ən əvvəl böyük müdriklik və uzaqgörənliklə qan tökülməsinin qarşısını aldı, 1994-cü ilin mayında atəşkəs haqqında müqavilə imzaladı, müharibəni dayandırdı, ölkədə sabitliyə nail oldu. Bu gün qüdrətli və güclü Orduya malik Azərbaycan və onun Prezidenti, Ali Baş Komandan İlham Əliyev də xalqın sülh arzusunu ifadə edərək, münaqişənin sülh yolu ilə, qan tökülmədən, beynəlxalq hüquq çərçivəsində həlli istiqamətində əməli işlər görür. 21 sentyabr tarixi nəinki xalqlar arasında, həmçinin ailələrdə, məktəblərdə, ictimaiyyətdə münasibətlərin sağlamlaşmasına, köklü zorakılığa qarşı mübarizənin gücləndirilməsinə nail olmaq üçün bir fürsətdir.