Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İsmayıl bəy Qutqaşınlı adına xalq teatrı

01.09.2020

Qəbələ rayon Mədəniyyət Evində İsmayıl bəy Qutqaşınlı adına xalq teatrı fəaliyyət göstərir.
Teatr 1960-cı ildə yaradılmışdır. 1962-ci ildə teatra xalq teatrı adı verilmişdir. Rayon mədəniyyət evində fəaliyyət göstərən dram kollektivinin xalq teatrına çevrilməsində o vaxtki teatr institutunun məzunu, mərhum aktyor Şirin Abdullayevin böyük xidmətləri olmuşdur. Səhnə həvəskarları Pəricahan Abdullayeva, Kamal Osmanov, Məhəmmədiyyə İskəndərov, Əmrah Səlimov, Sirac Gəncimov, Mahiyyə Hacıyeva, Əsmayə Osmanova, Firuzə Mikayılova, Səməd Hüseynov, Əhməd Bəkirov və başqaları öz talelərini ömürlük səhnə sənətinə bağlamışlar.
1964-cü ildə keçirilən respublika baxışında Qəbələ (Qutqaşın) Xalq Teatrı Hüseyn Cavidin “Ana” faciəsinə və Qeybulla Rəsulovun “Rəhmə gəl, mələyim” komediyasına görə birinci dərəcəli diploma layiq görülmüşlər. 1967-ci ildə keçirilən Ümumittifaq Özfəaliyyət İncəsənəti Festivalında xalq teatrı laureat adını almış, gümüş medalla təltif edilmişdir. Aktyorlardan Tamella Cəfərova, Sirac Gəncimov, Kamal Osmanov, rejissor Şirin Abdullayev, rəssam Kərim Səlimov ümumittifaq və respublika festivallarının qızıl medallarını almış və birinci dərəcəli diplomla təltif edilmişlər.
40-a yaxın həvəskar aktyorların çalışmışdığı teatrda Azərbaycan və xarici ölkə dramaturqlarının əsərləri uğurla tamaşaya qoyulmuşdur. Teatrın repertuarında Cəfər Cabbarlının yaradıcılığı mühüm yer tutmuşdur. Ədibin əksər əsərləri, o cümlədən “Solğun çiçəklər”, “Aydın”, “Oqtay Eloğlu”, “Yaşar”, “Sevil”, pyesləri teatrda səhnə təcəssümünü tapmış, uzun müddət repertuardan düşməmişdir. Tamaşalarda dekorasiya, işıq, əlbisə, qrim, butaforiya və dekorasiya işlərinin həllinə respublikanın yaradıcı təçkilatları yaxından köməklik göstərmişdir. İllər bir-birini əvəz etdikcə, teatrın həvəskar kollektivləri təhsil almış, peşəkar aktyor nəsli ilə zənginləşmişdir. Onlardan Eldəniz Manafovun, Təmi Hacıyevin, Tamella Cəfərovanın, Alimə Rəhimovanın, Almas Məsimovanın, Mədinə Şöyübovanın, Malik Alcanovun, Sadəddin Abdullayevin və digərlərinin adları teatrın yaradıcılıq salnaməsinə əbədi həkk olunmuşdur. Teatrın repertuarının ana xəttini və mündərəcəsini dünya klassiklərinin görkəmli nümayəndələri ilə yanaşı Azərbaycan dramaturgiyasının məşhur simaları olan Cəfər Cabbarlının, Hüseyn Cavidin, Cəlil Məmmədquluzadənin, Sabit Rəhmanın, Səid Rüstəmovun, Salam Qədirzadənin, Süleyman Ələsgərovun, Altay Məmmədovun səhnə əsərləri, Qeybulla Rəsulovun, Mirzəağa Atəşin, Kamal Nemətin və digər müəlliflərin birpərdəli pyesləri təşkil etmişdir. 1994-2013 cü ilə kimi Teatrın qruluşçu rejissoru Sərkərov Füzuli Xəlil oğlu olmuşdur.
Hazırda Qəbələ Mədəniyyət Mərkəzində fəaliyyət göstərən xalq teatrı İsmayıl bəy Qutqaşınlının adını daşıyır. Son illər teatrda Mirzə Fətəli Axundzadənin “Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur” komediyasına, İsmayıl bəy Qutqaşınlının “Rəşid Bəy və Səadət xanım” hekayəsinə, Süleyman Rüstəmin “Çimnaz xanım yuxudadır” əsərinə və Kamal Nemətin "Təzə xadimə" birpərdəli pyesinə quruluş verilmişdir. Uğurlu səhnə həlli tapan tamaşalar teatrsevərlər tərəfindən böyük rəğbət hissi və maraqla qarşılanmışdır.
Xalq teatrına quruluşçu rejissor kimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunu Müsavər Qasımov rəhbərlik edir. Tamaşalara isə peşəkar rəssam Malik Ağayev bədii tərtibat verir. Tamaşa üçün seçilmiş pyeslərin peşəkar səviyyədə səhnə təcəssümü tapması üçün kollektivin hər bir üzvü həvəslə çalışır, repertuarın zənginləşdirilməsi və yeni nailiyyətlərin əldə olunması ilə bağlı görülən yaradıcılıq işləri uğurla davam etdirilir.
Teatrın nəzdində yaradılan “Şəms” uşaq teatrı studiyasında keçən il “Tülkünün kələyi”, “Qış nağılı” tamaşaları hazırlanaraq balaca tamaşaçılara nümayiş etdirilmişdir.
Sevindirici haldır ki, teatrın yaradıcı heyətinin sıraları günü-gündən artır. Hazırda truppada Xəyal Gəncimov, Elşən Salehov, Afət Əliyeva, Şahanə Vəlizadə, Firuzə Qayıblı, Aytən Rəhimova, Səbinə Sabirli ilə yanaşı, digər gənc aktyorlar da quruluş verilən tamaşalarda böyük uğurla çıxış edirlər.
28 oktyabr 2015-ci il tarixdə Qəbələ rayon Mədəniyyət Mərkəzində fəaliyyət göstərən “Şəms” uşaq teatrı truppasının ifasında uşaqlar üçün “Tülkünün kələyi” adlı kukla tamaşası nümayiş olunmuşdur.
Tamaşada nağıl qəhrəmanları-Cırtdan, Keçəl, Tıq-tıq xanım, Göycək fatma, Tülkü obrazları aktyorlar tərəfindən məharətlə canlandırılmışdır. Tamaşa balaca tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır.
Teatr haqqında hazırlanmış videoçarxı təqdim edirik.

https://www.facebook.com/ismayilliregional/videos/779679292765777/?modal=admin_todo_tour