Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Əlibala Hacızadənin anadan olmasının 85-ci ildönümü tamam olur.

28.08.2020

Kitabları hər zaman böyük tirajla çap edilən görkəmli yazıçı Əlibala Hacızadənin bu gün anadan olmasının 85-ci ildönümü tamam olur. O, ədəbiyyata 1956-cı ildə gəlmişdi. Həmin vaxt Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin tələbəsi olan Əlibala Hacızadənin təxminən 20 yaşı vardı.

Ötən əsrin 60-cı illərində, durğunluq adlandırdığımız dövrdə artıq SSRİ Yazıçılar İttifaqının üzvü olan gənc yazıçı oxucular tərəfindən böyük maraqla qarşılanan bir sıra hekayə, povest və romanların müəllifi olub. Bunlar "Heykəl gülür", "Məhəbbət olmayan evdə", "Unutmaq olmur"... əsərləridir. Əlibala Hacızadənin qəhrəmanları müəllifin özü kimi sadə, təmkinli, sevməyi, həyəcanlı hisslər keçirməyi bacaran insanlardır.

Bu maraqlı əsərlər arasında müəllifin Əfqanıstanda yaşayarkən qələmə aldığı və sonralar özünün yaradıcılığının zirvəsi adlandırdığı "İtkin gəlin” daha çox sevilirdi. O, deyirdi: "Oxucular "Təyyarə kölgəsi” romanımı mənim yaradıcılığımın "şah əsəri" hesab edirlər. Mən özüm isə "İtkin gəlin" romanını yaradıcılığımın zirvəsi hesab edirəm. Mən "İtkin gəlin"i Azərbaycanda yox, Əfqanıstanda olanda yazmışam.

Görkəmli ədibin "İtkin gəlin" romanı əsasında yazdığı ssenariyə 1993-1994-cü illərdə 12 seriyalı bədii televiziya filmi çəkilib.

Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun böyük elmi əməkdaşı, filologiya elmləri namizədi Əlibala Hacızadə bir çox elmi tədqiqat əsərlərinin də müəllifidir. Onu ciddi alim kimi tanıdan "Fərruxi Yəzdinin poeziyası” əsəri ötən əsrin 60-cı illərinin sonunda işıq üzü görüb. Ə.Hacızadə fars dilindən bir sıra elmi və bədii əsərlərin tərcüməçisi kimi də tanınır. Bunlardan "Quranın 30-cu Surəsinin təfsiri” Jan Junyerin "Unudulmuş qəhrəmanlar”, Əli Əkbər Vilayətinin "Səfəvilər dövründə İranın xarici siyasəti tarixindən” və başqa əsərləri misal çəkmək olar.

Əlibala Hacızadə ədəbiyyatı həyatının ayrılmaz hissəsi hesab edirdi. 2004-2005-ci illərdə yazıçının müasir Azərbaycan ədəbiyyatı xəzinəsinə layiqli töhfə olan seçilmiş əsərlərinin on cildliyi nəşr edildi. Onun Azərbaycan ədəbiyyatına gətirdiyi yeni mövzulardan biri elmi mühitin təsviridir. O, "Təyyarə kölgəsi", "Vəfalım mənim" romanları ilə elm adamlarının o vaxtadək bir növ qapalı olan həyatını geniş oxucu kütləsinə çatdıra bilib. "Mən ömrümdə öz problemlərim, dərdlərim barədə heç bir dövlət rəsmisinə nə yazılı, nə də şifahi şəkildə şikayət etməmişəm. Bu, mənim xislətimə yaddır", - bu sözlər də son dərəcə sadə, təvazökar, eyni zamanda, qürurlu ömür yaşamış Əlibala Hacızadəyə məxsusdur.