12.08.2020
“Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir”.
Heydər Əliyev.
12 avqust - Beynəlxalq Gənclər Günüdür. Bu əlamətdar gün gənclərə lazımi diqqət göstərmək, onların nailiyyətlərini təbliğ etmək, cəmiyyətin bütün sahələrində gənclərin iştirakına təkan vermək məqsədi ilə qeyd edilir. Bu gün münasibəti ilə İsmayıllı rayon MKS-nin 2 saylı şəhər kitabxana filialının əməkdaşları ilə gənc oxucular arasında onlayn görüş təşkil edilmişdir. Kitabxananın oxucularına ilk öncə əlamətdar günün tarixi haqqında məlumat verilmişdir. Çıxış edən kitabxana əməkdaşı ölkəmizdə gənclər siyasətinin əsasının ulu öndər Heydər Əliyevlə bağlı olduğunu vurğulamışdır. Ümummilli liderimiz həmişə xalqına arxalanır, onun gəncliyinə böyük ümidlər bəsləyir, dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Sonda kitabxana əməkdaşları gənc oxucuları bir daha təbrik etmiş,gələcək fəaliyyətlərində onlara uğurlar arzulamışdırlar.