18.05.2020
Bu gün Laçın rayonunun işğal olunmasından 28 il ötür. 28 ildir ki, 60 mindən artıq Laçın sakini respublikanın 59 şəhər və rayonunda müvəqqəti məskunlaşaraq, məcburi köçkünlük həyatı yaşayır. Laçının ətrafında yerləşən rayon və yaşayış məntəqələrini işğal edən erməni silahlı qüvvələri intensiv olaraq ağır artilleriya silahlarından rayon mərkəzini atəşə tutublar. Rayonun işğalı nəticəsində 1 şəhər, 1 qəsəbə, 125 kənd, 13 min 745 fərdi ev, 48 sənaye, 63 kənd təsərrüfatı obyekti, 101 məktəb, 5 məktəbdənkənar, 2 məktəbəqədər müəssisə, 1 peşə məktəbi, 142 səhiyyə, 217 mədəni-maarif, 460 ticarət obyekti, 30 rabitə qovşağı, xalq teatrı, tarix-diyarşünaslıq muzeyi, 200-dən çox tarixi abidə talan edilərək dağıdılıb. Qarabağ müharibəsi cəbhələrində 267 laçınlı şəhid olub, 66 nəfər girov götürülüb, 105 nəfər əlil olub. Qobustan şəhər Rəşid Behbudov adına Uşaq İncəsənət məktəbi və Qobustan MKS-in birgə təşkilatçılığı ilə “Laçın həsrəti”adlı tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Laçın rayonunun işğalı və Qarabağ müharibəsi zamanı şəhid olmuş soydaşlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Edilən çıxışlarda ermənilərin törətdikləri vəhşiliklərdən danışılıb, işğal altında olan bütün torpaqlarımızın Azərbaycan Prezidenti, İlham Əliyevin qətiyyəti sayəsində tezliklə mənfur düşməndən azad olunacağına əminliklərini vurğulayıblar.