19.02.2018
Doğma vətənimiz Azərbaycan tarixən qədim, zəngin, füsunkar təbiətli, bol-bərəkətli diyar, igidlər, ərlər yurdudur. Azərbaycanın qədim tarixinə igidlər qəhrəmanlıqları, analarımız sədaqət və şəfqəti, istedadlı, bacarıqlı övladları parlaq zəka və düşüncələri ilə bir gözəllik, zənginlik qatdılar. Dünya xalqları içərisində hər zaman diqqət mərkəzində olan, tarixinin qədimliyi ilə seçilən Azərbaycanın qədim tarixinin hər səhifəsində şan-şöhrət, fəxarət gətirici illəri olub. Bir sözlə hər səhifəsi zəngin bir tarixdir.
Qara Əhmədovun da bu səhifələrdə özünəməxsus yeri var. Tarix elmləri doktoru, professor Azərbaycanda ilk olaraq arxeologiya elminə aid doktorluq dissertasiyasını müdafiə etmişdir. Həmyerlimiz olan bu alim Beyləqanın tarixinin araşdırılmasında, onun qədim adının bərpa olunmasında əvəzedilməz xidmətlər göstərmişdir. Qəbələnin tarixinin araşdırılmasında, siyasi, tarixi arenaya çıxmasında Qara Əhmədovun böyük əməyi olmuşdur. Bütün ömrünü, fəaliyyətini Azərbaycan tarixinin araşdırılmasına sərf etmişdir. 19 fevral tarixində İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Qəbələ Rayon Tarix-Diyarşünaslıq muzeyində Qara Əhmədovun 90 illiyi ilə əlaqədar olaraq “Xatirə saatı” təşkil olunmuşdur. Görkəmli alimin həyat və yaradıcılığı haqqında geniş söhbətlər aparıldı, sağlığında muzeylə sıx əməkdaşlığı haqqında ətraflı məlumat verildi. Tarixçi alimin guşəsinə baxış keçirildi, əsərləri vərəqləndi, onun rəhbərliyi ilə aparılan qazıntı işlərindən əldə olunmuş nümünələr sərgiləndi.