14.02.2018
Azərbaycanda demək olar ki, bütün sənət növləri mükəmməl inkişaf etmişdir. Daşyonma, nəccarlıq, dulusçuluq, dəmirçilik, misgərlik və s. bu kimi sənət əsərlərinin tarixi lap qədimlərə gedib çıxır. Bu sənət növləri içərisində misgərliyin qədim tarixi nümunələrinə Azərbaycanımızın hər bir bölgəsində rast gəlmək olar. Azərbaycanda aşkar olunan misgərlik nümunələrinin tarixi e.ə. V-IV minilliklərə aiddir. Arxeoloji qazıntılar zamanı aşkar olunun nümunələr bunu bir daha təsdiq etmişdir. E.ə II miniliyin yarısına aid olan Əliköməktəpədən tapılan mis qazan bu sənətin tarixinin qədimliyindən xəbər verir. Misdən müxtəlif növ qablar, məişət əşyalrı digər nümunələr və s.hər biri zamanın, tarixin canlı şahidləri, halal əməyin bariz nümunələridir.
Misgərlik sənəti Azərbaycanda IX əsrlərdən başlayaraq daha da genişlənməyə başlamışdır. Bu sənət nümunələrinə bu günlərə qədər hər bir evdə rast gəlmək olar.Tarixi qədim olan bu sənət növü son dövrlər tarixə qovuşmaq üzrədir. XX əsrin sonlarına qədər isə hər zaman, hər yerdə göz oxşayırdı. Son zamanlar hər bir sahədə gedən inkişaflar bu sənətə hətta onun növbənöv nümunələrinə təsirini göstərmişdir.
İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Qəbələ rayon Tarix-Diyarşünaslıq muzeyində bu sənət nümunələri, tarixin yadigarları qorunub saxlanılır. Böyük həcmli qazanlar, sərpuşlar, tavalar, tayqulplar, badyalar, nimçələr, sərniclər, aftafa –ləyənlər və s. bu kimi nümunələr ekspozisiyanı bəzəməkdədir. Böyük əmək ,əziyyət bahasına ərsəyə gələn sənət nümunələri həm səbir, həm də gözəl zövq tələb edir. Diqqətlə bu nümunələrə baxsanız üzərindəki ornamentlər necə gözəl və dəqiq işləndiyini görəcəksiniz. Meandr, sadə islimli, vağvaği, buta və s.ornamentlər bu nümunələrin gözəlliyinə daha bir zənginlik qatır. Hər bir qabın üzərində növbənöv ornamentlərə gəlincə bütün bunlar güclü fantaziyaların məhsuludur. Burada meandr formalı ornamentlər inkişafı, irəliləyişi, dairəvi şəkildəkilər-günəşi, kvadrat və romb formalı ornamentlər isə- torpağın rəmzi kimi Azərbaycan incəsənətinin qədimliyini, zənginliyini və təkrarsızlığını ifadə edir.