27.04.2019
Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Televiziyasının təşkilatçılığı, Mədəniyyət Nazirliyinin iştirakı ilə Mədəniyyət Fondunun layihəsi əsasında keçirilən muğam müsabiqəsi əsil sənət marafonuna çevrilib. Marafonun davamı - VII Televiziya Muğam müsabiqəsi üçün növbəti məkan İsmayıllı şəhəri seçilib. Münsiflər heyəti, müsabiqə iştirakçıları, yaradıcı və texniki heyət, övladları ilə gələn valideynlər və digər qonaqlar İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin zalında toplaşmışdırlar. Müsabiqə 23 aprel 2019-cu il tarixdə Mədəniyyət Mərkəzində 270 nəfər tamaşaçının iştirakı ilə keçirilib. Özbəkistandan gələn qonaqlar da tamaşaçılar sırasında olublar. Müsabiqə iştirakçıları bu turda İmadəddin Nəsiminin qəzəllərini oxuyublar. Əvvəlcə Səməndər Rzayevin ifasında Nəsiminin bir şeirinin lent yazısı və ölməz muğam ustası Vahid Abdullayevin ifa etdiyi muğam səsləndirilib. Müsabiqəyə yeni qatılmalarına baxmayaraq 8 nəfər müsabiqə iştirakçısı yüksək ifaçılıq nümunəsi göstərib. Sonda oxuyan, əslən Xanagah kəndindən olan İlahə Rüstəmova daha sürəkli alqışlara layiq görülüb. Özbəkistandan gələn sənətçilər də muğam və şən melodiyalar ifa ediblər.