Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şamaxıda ümumrayon Novruz şənliyi keçirilmişdir

16.03.2019

Azərbaycanın qeyri-maddi mədəni irsinin ən parlaq nümunəsi olan Novruz bayramı Şamaxının Dəmirçi kəndində böyük təntənə ilə qeyd edilmişdir. Xalqımızın xeyirxahlıq, mehribanlıq və qonaqpərvərlik kimi gözəl hisslərini təqdim edən ən əziz bayramı - Novruz bayramı respublikamızın hər yerində olduğu kimi Şamaxıda da geniş qeyd olunmuşdur.. Respublikamızın Prezidenti cənab İlham Əliyevin Şamaxıya səfəri zamanı Dəmirçi kəndində istifadəyə verilmiş sənətkarlıq və turizm kompleksində təntənəli təşkil olunmuş tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı cənab Tahir Məmmədov rayon İcra Hakimiyyətinin, idarə, müəssisə və təşkilatların kollektivləri, rayon ictimaiyyətinin nümayəndələri, kənd və qəsəbələrdən gələn minlərlə sakin iştirak etmişdir. Təbiətin oyanışını bildirən səməni və digər novruz atributları ilə əsl bayramsayağı bəzədilən meydanda sərgilənən qədim məişət əşyaları, toxuculuq və əkinçilik alətləri, saxsı və mis qablar və digər sənət nümunələrinin nümayiş olunduğu sərgilər, o cümlədən xoruz döyüşləri və bişirilən müxtəlif çeşidli milli xörək növləri maraqla qarşılanmışdır. Xalça toxuyan, yun darayan, cəhrə əyirən, nehrə çalxalayan, sac üzərində yuxa bişirən milli geyimli xanımlar qədim el sənətini bir daha yada salmışlar. Bayram tədbirində ənənəyə uyğun olaraq tonqal qalanmış, xalqımızın adət-ənənələri, ayin və mərasimləri canlandırılmışdır. İncəsənət ustaları, bədii özfəaliyyət kollektivləri xalqımızın adət-ənənələrini, qədim el sənətlərini nümayiş etdirmiş, rəqqaslar milli musiqinin sədaları altında oynaq rəqslər ifa etmiş, respublikamızın tanınmış aşıqları və müğənniləri insanlarda xoş ovqat yaratmış gənc pəhləvanlar, kəndirbazlar meydan mübarizəsinə çıxmışlar. Novruz şənliyi kütləvi rəqslə sona çatmış və tədbir iştirakçılarına əsl bayram əhval-ruhiyyəsi bəxş etmişdir.